CƏMİYYƏT
Şəkidə “Sağlam gələcəyə doğru” layihəsi çərçivəsində tədbir keçirilmişdir
![Şəkidə “Sağlam gələcəyə doğru” layihəsi çərçivəsində tədbir keçirilmişdir](/files/2013/3/1200x630/14071451284587150918_1200x630.jpg)
Şəki, 13 noyabr (AZƏRTAC). Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam gələcəyə doğru” layihəsi çərçivəsində narkomaniya əleyhinə maarifləndirmə xarakterli tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir noyabrın 13-də Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının konfrans zalında keçirilmişdir. Tədbirdə əlaqədar qurumların bu sahəyə məsul şəxsləri, QHT və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Ölkədəki narkotik vəziyyətlə bağlı məlumat verən ofisin rəhbəri Məzahir Əfəndiyev bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün hamını narahat edən ən ciddi problemlərdən birinə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, son illərin rəsmi statistikası narkotiklərdən istifadə hallarına meylliliyin daha da artdığını və bunun gənclər arasında daha çox yayıldığını qabarıq şəkildə göstərməkdədir.
Bu sahədə görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə qeyd edən Məzahir Əfəndiyev narkomaniyanın təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin problemi olduğunu, proseslərə QHT-lərin, geniş ictimaiyyətin daha fəal qoşulmasının zəruriliyini diqqətə çatdırmışdır. Onun fikrincə aparılan maarifləndirmə və təbliğat işlərində müasir forma və metodlardan, qabaqcıl təcrübə və texnologiyalardan istifadə olunmalıdır.
Mövzu ətrafında çıxışlarda ümumbəşəri problem olan narkomaniya ilə mübarizədə hökumət-QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, narkomaniya ilə mübarizədə maarifləndirmə və təbliğat işlərinin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Sonda tədbir iştirakçılarına metodik vəsaitlər paylanmış, onların çoxsaylı sualları cavablandırılmışdır.