ŞƏKİDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİYİ İLƏ ƏLAQƏDAR ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının birgə təşkilatçılığı ilə aprelin 30-da Şəkidə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə “Qəlblərdə yaşayan insan” mövzusunda zona elmi-nəzəri konfransı keçirilmişdir.
Tədbirdə Müəllimlər İnstitutunun Şəki, Zaqatala və Mingəçevir filiallarının müəllim və tələbələri, şəhər rəhbərliyi, ziyalılar iştirak etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Şəhər İcra Hakimiyyəti binası qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, tər çiçəklər düzmüşlər.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında keçirilən tədbirdə şəhər icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılması, qorunması və inkişaf etdirilməsi sahəsindəki misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin yubileyi ilə bağlı Şəkidə həyata keçirilən silsilə tədbirlər barədə məlumat vermişdir.
Sonra ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Konfransda Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının direktor müavini, tarix elmləri doktoru Mais Əmrahovun “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən parlaq simalardan olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev bütün həyatını ölkəmizin tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın milli-mənəvi dirçəlişə, Azərbaycanda demokratik dövlət quruculuğuna həsr etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində böyük əhəmiyyət kəsb edən ardıcıl dövlətçilik siyasəti işləyib hazırlamış, bütün çətinliklərə sinə gələrək, bu siyasəti dönmədən həyata keçirmişdir.
Konfransda Müəllimlər İnstitutu Şəki filialının direktoru Rafiq Rəsulov “Qəlblərdə yaşayan insan”, Mingəçevir filialının direktor müavini Xatirə Həsənova “Heydər Əliyev və Azərbaycan təhsili”, Zaqatala filialının direktor müavini Mübariz Hudulov “Milli müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin rolu”, Şəki filialının direktor müavini Nuralı Çələbiyev “Heydər Əliyevin mənəvi irsində azərbaycançılıq ideologiyası”, YAP Şəki rayon təşkilatının nümayəndəsi Kamil Məmmədov “Heydər Əliyev və müstəqil Azərbaycan dövləti”, Oğuz şəhər 3 nömrəli orta məktəbinin tarix müəllimi Elnur İsrafilov “Heydər Əliyev və Azərbaycan tarixi” mövzularında çıxış etmişlər.
######
