SƏMƏD VURĞUNUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞDUR
Məktəbin foyesi şairin həyat və yaradıcılığını əks etdirən fotostendlərlə, şagirdlərin bədii yaradıcılıq nümunələri ilə bəzədilmişdi.
Tədbiri məktəbin direktoru Lətifə Cabbarova açaraq, ölməz şairin həmişəyaşar yaradıcılığından danışmışdır.
Məktəblilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar oxunmuş, şeirləri səslənmiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Şairin qızı, Səməd Vurğun Fondunun prezidenti, ev-muzeyinin direktoru Aybəniz Vəkilova məktəbin kollektivinə minnətdarlığını bildirmiş, atası haqqında xatirələrini söyləmişdir.
Sonda şagirdlər şairin ev-muzeyinə əl işlərindən ibarət hədiyyələr
bağışlamışlar.
X X X
Qusar rayon mədəniyyət sarayında ictimaiyyət nümayəndələrinin, ziyalıların və mədəniyyət xadimlərinin iştirakı ilə xalq şairi Səməd Vurğunun 100 illik yubileyi qeyd olunmuşdur.
Yubiley tədbirində çıxış edən xalq şairi Zəlimxan Yaqub və filologiya elmləri namizədi, vurğunşünas alim Aslan Salmansoy şairin vəfatından 50 il keçməsinə baxmayaraq, əsərlərinin bu gün də aktual olmasından, şairin hər bir azərbaycanlının ürəyində özünə abidə ucaltmasından, yaradıcılığının əbədi yaşayacağından danışmışlar.
40 ilə yaxın ədəbiyyat müəllimi işləmiş, şairlə həmsöhbət olmuş Nurməd Zəkiyev xatirələrini danışmış, “Muğan” poemasındakı
Muğan Muğan olsa, biri üç eylər,
Muğan tufan olsa, üçü heç eylər aforizminin, məhz Qusarda ləzgi çobanın söylədiklərindən götürüldüyünü bildirmişdir.
Rayon Veteranlar Şurasının üzvü İsgəndər Quliyev şairlə bağlı xatirələrini söyləmiş, onun Ali Sovetə məhz Qusar rayonundan deputat seçildiyini bildirmişdir.
Mədəniyyət sarayının bədii özfəaliyyət kollekivinin üzvləri, şairin şeirlərinə bəstələnmiş mahnılar ifa etmiş, məktəblilər ədəbi-bədii kompozisiyalar göstərmiş, şeirlər söyləmişlər.