Şəmkirdə polis 100-ə yaxın aztəminatlı ailəyə yardım edib
Bakı, 27 aprel, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsi xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə mütəmadi olaraq yardım tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 100-ə yaxın ailəyə baş çəkib, ərzaq məhsullarından ibarət bağlamaları onlara evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə polis əməkdaşlarına təşəkkür ediblər. Eyni zamanda, polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.