Semyon Çterev sərbəst güləş üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşmişdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, komandamızı bundan sonra bolqarıstanlı mütəxəssis Semyon Çterev çalışdıracaqdır.
Bu ilin martında keçirilən Avropa çempionatından sonra baş məşqçi Saypulla Absaidovun sərbəst güləş növündə bütün yaş qrupları üzrə yığma komandalara məsləhətçi vəzifəsinə keçirilməsi ilə əlaqədar yığma komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq federasiyanın vitse-prezidenti Məhəmməd Əliömərova həvalə edilmişdi. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatından sonra isə Azərbaycan Güləş Federasiyasının rəhbərliyi seçimini son bir neçə ayda yığmada məşqçi kimi çalışan Bolqarıstan millisinin keçmiş çalışdırıcısı Semyon Çterevin üzərində saxlamışdır.
Yığma komandamız noyabrın 22-24-də Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə S.Çterevin rəhbərliyi altında hazırlaşır. Millimizin məşqçilər korpusunun digər üzvləri də öz işlərini davam etdirirlər.
S.Çterev bildirmişdir ki, Azərbaycan yığma komandası dünyada həmişə ən güclülərdən olmuşdur. Millinin baş məşqçi vəzifəsinin mənə həvalə edilməsini özüm üçün böyük şərəf sayıram. İşimizi elə qurmalıyıq ki, hamı bizim yaxşı çalışdığımızı görə bilsin. Çox yaxşı kollektivimiz və Firdovsi Umudov, David Xurtsiya kimi təcrübəli məşqçilərimiz var. Çalışıb sübut etməliyik ki, Azərbaycan həqiqətən də dünyada ən güclüdür.
Qeyd edək ki, 54 yaşlı bolqarıstanlı 1988-ci il Seul Olimpiadasının bürünc mükafatçısı olmaqla yanaşı, həmçinin bir dəfə dünya, üç dəfə Avropa çempionluğunu yaşamışdır. Bolqarıstan yığmasına rəhbərlik etdiyi dövrlərdə isə onun yetirmələri müntəzəm olaraq ən yüksək yarışların qalib və mükafatçıları olmuşlar.