SİYASƏT
Senator Pyer Bordie: Azərbaycan iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir
Paris, 13 noyabr (AZƏRTAC). Azərbaycan iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir.
Bu fikri Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı, Fransa Senatının Qafqaz regionu üzrə dostluq qrupunun üzvü, senator Pyer Bordie AZƏRTAC-a verdiyi müsahibəsində səsləndirmişdir.
Humanitar forum haqqında təəssüratlarını bölüşən senator daha sonra demişdir: Prezident İlham Əliyevin himayədarlığı ilə keçirilən forum yüksək səviyyədə təşkil olunmuşdu. Plenar iclaslarda dinlənilən çıxışların məzmununa və səviyyəsinə söz ola bilməz. Belə tədbirlər bir tərəfdən xalqlar arasında dostluq əlaqələrin möhkəmlənməsinə xidmət edir, digər tərəfdən isə ölkənizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir.
Mən Azərbaycana ikinci dəfə idi ki, səfər edirdim. Birinci səfərimdən keçən dövr ərzində ölkənizdə baş verən böyük dəyişikliyin şahidi oldum. Mənə elə gəlir ki, Azərbaycana neçə dəfə səfər etsən, hər dəfə mühüm yeniliklərlə qarşılaşacaqsan.
Senator Pyer Bordie sözünə davam edərək demişdir: Senatda Fransa-Qafqaz Dostluq qrupunun üzvü kimi ilk səfərim zamanı əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda oldum. Bu iki ölkəni müqayisə etdikdə Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdiyini görməmək mümkün deyildir. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində ölkə iqtisadiyyatı sürətli inkişaf yoluna çıxmışdır.
Forumda Azərbaycanın tolerant ölkə olduğu xüsusi vurğulandı. Hətta bu tolerantlıq Avropa ölkələrinin əksəriyyətinə nümunə göstərildi. Harada tolerantlıq varsa, orada bütün problemləri həll etmək mümkündür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris