SƏNƏTKAR-PEDAQOQLAR “TƏDRİSFİLM”İN TƏQDİMATINDA
Bu ilin oktyabr ayında ölkəmizin qabaqcıl tədris ocaqlarından biri olan Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 80 illik yubileyi təntənəli surətdə qeyd ediləcəkdir. Bu münasibətlə universitetin “Tədrisfilm” kinostudiyası həmin təhsil ocağında vaxtilə pedaqoji fəaliyyətlə məşğul olmuş və hazırda da tədris sahəsində çalışan görkəmli sənətkar-müəllimlərin həyat və yaradıcılığını əks etdirən sənədli filmlərin çəkilişinə başlamışdır.
“Tədrisfilm”in rəhbəri, universitetin kino və televiziya sənətləri kafedrasının müdiri, dosent Cəmil Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, studiyada çəkilən filmlər adətən tələbələrimizin diplom işləri hesab olunur. Universitetin yubileyinə biz də öz töhfəmizi verəcəyik. Belə ki, artıq görkəmli incəsənət xadimlərinə həsr edilmiş bir neçə film üzərində son tamamla işlərini başa çatdırmaq ərəfəsindəyik. Aktyor sənəti kafedrasının professoru, xalq artisti Əliabbas Qədirovun, kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının dosenti, əməkdar artist Həmidə Ömərovanın, əməkdar artist, mərhum aktyor və pedaqoq Müxlis Cənizadənin həyat və yaradıcılığından bəhs edən sənədli filmlərin çəkilişi bu günlərdə başa çatacaqdır.
Eyni zamanda studiya kütləvi tədbirələr rejissorluğu kafedrasının professoru, əməkdar incəsənət xadimi, rəssam Arif Əzizin və aktyor sənəti kafedrasının professoru, xalq artisti, tanınmış teatr rejissoru Cənnət Səlimovanın həyat və yaradıcılığından söhbət açacaq iki sənədli filmin çəkilişlərinə başlamaq ərəfəsindədir.
Qeyd edilmişdir ki, yubiley gününədək studiya teatr və kino sənətimizin görkəmli sənətkarları olmuş xalq artistləri Rza Təhmasib, Adil İskəndərov, Mehdi Məmmədov və Məlik Dadaşov haqqında da filmlər çəkməyi nəzərdə tutmuşdur. Çəkiləcək bütün bu sənədli filmlər universitetin yubiley şənliklərində sənətsevərlərə təqdim olunacaqdır.