İDMAN
Serbiyalı Zorana Arunoviç: Mən çox sevinirəm ki, gözəl Bakıda keçirilən birinci Avropa Oyunlarında qızıl medal qazandım
![Serbiyalı Zorana Arunoviç: Mən çox sevinirəm ki, gözəl Bakıda keçirilən birinci Avropa Oyunlarında qızıl medal qazandım](/files/2015/2/1200x630/1434547323851741298_1200x630.jpg)
Bakı, 17 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
Mən çox sevinirəm ki, gözəl Bakıda keçirilən birinci Avropa Oyunlarında qızıl medal qazandım. Mənim dünya çempionatında da qızıl medalım olub. Amma ilk Avropa Oyunlarının medalının mənim karyeramda öz yeri olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində atıcılıq idman növünün qadınlar arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının qalibi serbiyalı Zorana Arunoviç
deyib.
Birinci Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Zorana Arunoviç deyib: "Oyunlar çox xoşuma gəldi. Mənim düşündüyümdən çox gözəldir. Hər şey mükəmməl təşkil olunub. Mən bunu Bakıda olduğuma görə demirəm, doğurdanda bu, belədir. Azərbaycanlılar çox qonaqpərvər xalqdır. Bakı ecazkar şəhərdir. Bakının başqa şəhərlərdən bir fərqi də gecələrinin gündüzləri qədər gözəl olmasıdır. Mən bir daha əmin oldum, idman o ölkələrdə inkişaf edir ki, orada bu sahəyə yüksək dövlət qayğısı var. Bu baxımdan Azərbaycan nümunədir. Mən Azərbaycan Prezidentinin idmanın inkişafına, idmançılara yüksək qayğısının şahidi oldum. İdman arenaları çox yüksək səviyyədədir. Bu arenaları, təşkilatçılığı görəndə bilinir ki, Azərbaycanda idmana böyük qayğı göstərilir. Bu cür münasibət nadir hallarda olur. Mən Azərbaycanı, Bakını, qonaqpərvər azərbaycanlıları ürəkdən sevdim".
Zorana Arunoviç qeyd edib ki, Oyunlar bitəcək, ancaq Azərbaycan haqqında təəssüratlarımız, burada tapdığım dostlarımız yaddaşımızda həmişə yaşayacaq.