Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün heç bir sənəd yoxdur
Moskva, 26 yanvar, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2015-ci ilin yekunlarına həsr edilmiş böyük mətbuat konfransında deyib: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT-də saxlanılan sənədlərdən başqa heç bir sənəd yoxdur”. Nazir daha sonra əlavə edib: “Qalan bütün məsələlər beyin həmləsi xarakterli axtarış fəaliyyətidir”.
Rusiya Federasiyası xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların müxtəlif mərhələlərində hazırlanmış sənədlər var. O deyib: “O vaxt birinci addım kimi münaqişənin tənzimlənməsinin əsas prinsiplərini, sonra isə həmin prinsiplər əsasında qeyri-siyasi xarakterli hüquqi öhdəlikləri nəzərdə tutan sülh sazişi hazırlanmasından söhbət gedirdi. 2007-2011-ci illərdə bu sənədin müxtəlif versiyaları təkmilləşdirilib və həmsədrlər tərəfindən ATƏT-in baş katibinə təqdim edilib. Sənədlər bu şəkildə həmin təşkilatın seyflərindədir. Sənəd adlana biləcək yeganə kağızlar bunlardır”.
S.Lavrovun sözlərinə görə, indiyə qədər həmin rəsmi sənədlərin heç biri Dağlıq Qarabağla əlaqədar vəziyyətin bütün komponentlərinin praktiki həlli ilə nəticələnməyib. Nazir vurğulayıb: “İşlər “hər şey razılaşdırılmayınca heç nə razılaşdırılmayıb” prinsipi əsasında gedir. Bildiyiniz kimi, Rusiya tərəfi 2010-cu ildən - hələ Dmitri Medvedevin prezident olduğu vaxtdan başlayaraq hələlik tərəflərin razılaşdırılma mövzusu olmayan məsələlərin həllini tapmağa səy göstərirdi və bu səy bəzi məqamlarda irəliləməyə kömək etdi. 2011-ci ilin iyun ayında Kazan sammitində gözlənildiyinə rəğmən, əsas prinsiplər barədə sənədə dair razılığa gəlmək mümkün olmadı və sonra uzun bir fasilə oldu”.
S.Lavrov qeyd edib ki, Prezident Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə görüşüb və üç prezidentin tapşırığına əsasən, çıxış yolları axtarışı üçün səy göstərilib. S.Lavrov sonda deyib: “İndi bu cür çıxış yolları axtarışı ideyalar səviyyəsində, şifahi mülahizələr səviyyəsində davam edir. Mən Ermənistandan və Azərbaycandan olan həmkarlarımla bir neçə dəfə görüşmüşəm. Biz bütün bu məsələləri Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə də müzakirə edirik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva