SƏRNİŞİN DAŞIYAN NƏQLİYYAT VASİTƏLƏRİNİN VERGİ DƏRƏCƏLƏRİNİN ARTIRILMASI QİYMƏTLƏRƏ TƏSİR ETMƏYƏCƏK
Nəqliyyat vasitələrinin vergi dərəcələrinin artırılmasının sərnişin daşınmasında qiymətlərin artmasına səsəb olacağı ilə bağlı narahatçılığa əsas yoxdur. Bunu vurğulayan vergilər naziri Fazil Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, hökumət gələcəkdə ümumiyyətlə şərti dövriyyədəki sadələşdirilmiş vergi və digər vergi sistemlərinin təkmilləşdirilməsinə çalışır. Vergi ödəmələri gəlir və xərc prinsipi ilə həyata keçirilməlidir. Bu baxımdan nəqliyyat vasitələrinin vergiyə cəlb olunmasının çox mühüm əsası vardır. Nazirlik, Bakı şəhər Nəqliyyat Departamenti ilə məsələni araşdırmış və hesablamalar aparmışdır. Hazırda Bakı şəhərində taksi maşınları gündəlik 4 min 600 manat, şəhərdaxili sərnişin avtobusları isə 9 min manat vergi ödəyirlər. Baxmayaraq ki, onlar 30–31 gün işləyirlər, amma ödəmə 22 iş günü üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri daxilində sərnişindaşımada vergidən yayınma halları həddindən artıqdır. Hazırda 150-dək fiziki və hüquqi şəxs sərnişindaşıma ilə məşğul olsa da, onlar hesablandığından dəfələrlə az, yəni il ərzində təxminən 2 milyard manata qədər vergi ödəyirlər. Belə olan halda onların vergiyə cəlb olunması və vergi dərəcəsinin artırılması tam məqsədəuyğundur.
Lakin bu, gediş qiymətlərinin artmasına təsir etməyəcəkdir.