REGİONLAR
Şərur Şəhər Peşə Liseyində ilk “Baytar-texniki” ixtisası yaradılıb
Naxçıvan, 27 sentyabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsas prioritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, proqrama uyğun olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən Şərur Texniki Peşə və Sürücülük məktəbinin bazasında Şərur Şəhər Peşə Liseyi yaradılıb. Liseydə 2024-2025-ci tədris ilindən yeni ixtisaslar açılıb ki, onlardan biri də “Baytar-texnik” ixtisasıdır.
Yeni ixtisasda tələbələr heyvanların anatomiyası, fizologiyası, yetişdirilməsi, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərdən qorunması ilə bağlı təcrübi biliklərə yiyələnəcəklər. Üçillik ixtisası bitirdikdən sonra məzunlar müstəqil şəkildə heyvanların müayinə və xəstəliklərə qarşı mübarizə üsullarını tətbiq edə, həmçinin baytar həkimlərin və baytar cərrahların yanında köməkçi vəzifəsində çalışa biləcəklər.