REGİONLAR
Şərurda bədii gimnastikaya maraq daha da artıb
Şərur, 5 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu il yanvarın 14-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvanda bir neçə yeni idman bölməsi fəaliyyətə başlayıb. Onlardan biri də Şərur rayonunda fəaliyyət göstərən qızlar üçün bədii gimnastika bölməsidir. Bölmə Şərur Olimpiya-İdman Kompleksinin zalında fəaliyyət göstərir. Qızların məşq etməsi üçün zal bədii gimnastika avadanlığı ilə təmin edilib. Bu ilin əvvəlindən fəaliyyətə başlayan bölməyə müvəqqəti olaraq həftədə iki dəfə məşqçi-müəllim, idman ustası Humay Qafarova rəhbərlik edirdi. Bölmənin müəllimi Sevinc Nəcəfova isə Bakıda 6 aylıq məşqçi kursuna göndərilmişdi. Paytaxtda kursu başa vuran məşqçi-müəllim artıq muxtar respublikaya qayıdıb.
Sevinc Nəcəfova bizimlə söhbətində qeyd etdi: “Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mart ayından etibarən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ixtisasartırma kurslarına cəlb olunmuşam. Altı aylıq kursda müəllimlərimiz bizə uşaqlarla düzgün rəftar, bədii gimnastika üzrə məşqlərin aparılma qaydaları barədə həm nəzəri, həm də praktik seminarlar keçiblər. Seminarlarda Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi və digər təcrübəli məşqçilər iştirak edirdi. Seminarlardan əlavə, mütəmadi olaraq yığma komandanın məşqlərinə qatılır, yarışların keçirilməsi və təşkilati işlərdə iştirak edirdik. Kursu uğurla başa vurduqdan sonra Naxçıvana qayıtmışam və öyrəndiklərimi bundan sonra bədii gimnastika üzrə Şərur rayon bölməsində uşaq və yeniyetmələrimizə öyrədəcəyəm. Mənə göstərilən bu diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Bölmədə 50-yə yaxın qız bədii gimnastikanın sirlərini öyrənir. Məşqlər həftədə iki dəfə keçirilir. Növbəti aydan məşqlərin həftədə 3 və ya 4 dəfə keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu