Seul Kim Çen Inın KXDR-i adi qaydada idarə etdiyindən əmindir
Bakı, 29 aprel, AZƏRTAC
Cənubi Koreya silahlı qüvvələrinin və milli kəşfiyyat xidmətlərinin rəhbərləri səhhəti ilə bağlı problemlər barədə şayiələrə baxmayaraq, Şimali Koreya lideri Kim Çen Inın adi qaydada dövlət işləri ilə məşğul olduğunu hesab edirlər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, parlamentin müdafiə komitəsinin bəzi qanunvericilərinin KXDR liderinin səhhəti barədə suallarını cavablandıran Müdafiə Nazirliyi, Birləşmiş Qərargah Rəisləri Komitəsi və kəşfiyyat orqanları Kim Çen Inın dövləti adi qaydada idarə etdiyini deyiblər.
Şimali Koreyanın dövlət KİV-ləri bu yaxınlarda Kim Çen Inın fəaliyyəti barədə yeni məlumatlar yaysa da, KXDR liderinin yeni şəkilləri dərc olunmayıb.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Kim Çen Inın səhhəti barədə məlumatlı olduğunu deyib. Rəsmi Seul isə Şimali Koreyada qeyri-adi vəziyyətin müşahidə edilmədiyini bildirib. Buna baxmayaraq, Şimali Koreya Ali Xalq Məclisinin bu ay keçirilən sonuncu iclasında KXDR liderinin kiçik bacısı Kim Yö Çonun son zamanlar Pxenyanda daha çox nüfuz qazandığı diqqət çəkir.
Qeyd edək ki, Kim Çen Inın uzun illər ərzində ilk dəfə olaraq babası Kim İr Senin doğum günü ilə əlaqədar təntənəli mərasimdə iştirak etməməsi KXDR liderinin səhhəti ilə bağlı şayiələr doğurub. O, 2014-cü ildə də bir aydan çox müddət ərzində diqqət mərkəzindən itmiş, sonra isə əsa ilə peyda olmuşdu.