ŞƏXSİYYƏTİ TƏSDİQ EDƏN SƏNƏDİ OLMAYAN 14 MİN 195 NƏFƏR MÜƏYYƏN EDİLMİŞDİR
Bakı Şəhər Baş Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis polkovniki Fazil Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, yaşı 18-dən yuxarı olan vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi sahəsində ciddi işlər görülür. İndiyədək paytaxtda keçirilən yoxlamalar zamanı şəxsiyyəti təsdiqləyən sənədi olmayan 14 min 195 nəfər müəyyən edilmişdir. Bunlar, əsasən, vaxtilə hərbi komissarlıqlar tərəfindən orduya çağırılan və ordudan tərxis olunan vətəndaşlardır. Daxili işlər nazirinin tapşırığına əsasən, heç bir sənədi olmayanların axtarışı prezident seçkilərinə, oktyabrın 15-dək davam etdiriləcəkdir.