Səyyar “ASAN xidmət” Salyanda
Salyan, 12 mart, Mahir Babayev, AZƏRTAC
Səyyar “ASAN xidmət”in dörd vaqondan ibarət qatarı martın 5-dən Salyan şəhərindədir. Rayon sakinləri martın 19-dək Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günədək 1000 nəfərə yaxın sakin göstərilən xidmətlərdən faydalanıb. Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Səyyar “ASAN xidmət”in əməkdaşı Elgiz Həsənov bildirib ki, sakinlər martın 19-dək səyyar xidmətdən yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.