Şifahi nitqi avtomatik olaraq yazıya çevirən “Dilmanc İmla” sistemi daha da təkmilləşdirilib
“Google” Azərbaycanda mövcud olan sistemin analoqunu yaradıb
Bakı, 2 mart, AZƏRTAC
“Google Docs” onlayn xidmətində bu günlərdə istifadəyə verilən səsin köməyi ilə mətnin yığılması və redaktə edilməsi xidməti istifadəçilərin işini daha da asanlaşdırıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a bildirilib ki, təəssüf ki, bu xidmət yalnız ingilisdilli istifadəçilər üçün nəzərdə tutulub. Azərbaycandilli istifadəçilərin isə təəssüflənməyinə dəyməz. Çünki yerli mütəxəssislərimiz dünyanın ən nəhəng internet korporasiyası olan “Google”un proqramçılarından bir neçə il öncə analoji sistemin ölkəmizdə yaradılmasına nail olublar.
Belə ki, RYTN-in “Dilmanc” layihəsi çərçivəsində Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən “Dilmanc İmla” sistemi yaradılıb. Bu proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir. Proqramın bu yaxınlarda hazırlanmış yeni versiyası bu günədək mövcud digər sistemlərdən fərqli olaraq şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.
Bu proqramı əldə etmək üçün çox sadə təlimatlara əməl etmək kifayətdir. Əvvəlcə layihənin saytından kompyuterə “Dilmanc İmla” proqramını yükləmək lazımdır. Nazirlikdən bildirilib ki, tətbiq onlayn rejimdə kompyuter və mobil telefonda işlədiyi üçün eyni proqramı smartfonlara da yükləmək lazım gəlir. “Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən telefonlara yükləmək mümkündür. Yükləmə əməliyyatını başa çatdırdıqdan sonra kompyuterdə “Dilmanc İmla” proqramının pəncərəsində göstərilən birləşmə kodunu mobil telefona daxil etmək olar. Kodu daxil etdikdən sonra mobil telefonda imla rejimi aktivləşəcək.
Daha sonra “Microsoft Word” və ya digər mətn redaktorlarında fayl yaradaraq kursoru həmin səhifədə saxlamaq lazımdır. Bundan sonra istənilən səsli məlumatı (əvvəlcədən yazılmış və ya hazırda səsləndirilən səs yazısı) mətnə çevirmək üçün sadəcə ekrana toxunmaq kifayətdir. Mətnə çevrilən nitq avtomatik olaraq kompyuterdə yaradılan fayla yazılacaq.