Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tanıdılması məqsədilə keçirilən avtoyürüş davam edir
Tehran, 5 may, AZƏRTAC
Hindistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tanıdılması məqsədilə təşkil etdiyi avtoyürüş davam edir.
AZƏRTAC xəbər verir ki, İranın Nəqliyyat Nazirliyinin rəsmilərinin, Azərbaycanın, Hindistanın və Rusiyanın İrandakı səfirlərinin iştirakı ilə avtomobillərin Azərbaycana yola salınması mərasimi keçirilib. Mərasimdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, bu dəhliz Cənub-Şərqi Asiya ölkələri ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək. Dəhliz vasitəsilə daşınan mallar daha tez, ucuz və təhlükəsiz şəkildə mənzil başına çatdırılacaq.
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bu beynəlxalq iqtisadi layihəyə qoşularaq bir sıra infrastruktur layihələri həyata keçirib. Ölkəmiz İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinə öz töhfəsini verir. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu artıq istifadəyə verilib. İranın Astara şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin yük terminalının inşası davam edir. Yaxın zamanlarda Bakı şəhərindən İran və Rusiya sərhədinədək avtomobil yollarının müasir standartlara cavab verən səviyyədə yenidən qurulması başa çatdırılacaq. Səfir Azərbaycanın tranzit və nəqliyyat infrastrukturları haqqında məlumat verərək ölkəmizin Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişdiyini vurğulayıb.
Dörd ölkə - Hindistan, Azərbaycan, İran və Rusiya vətəndaşlarının idarə etdiyi avtomobillər İranın Zahedan, Yəzd, İsfahan, Tehran, Bəndər Ənzəli şəhərlərindən keçərək Azərbaycanın Astara şəhərinə daxil olublar. Avtomobillər Lənkəran, Bakı və Qusardan keçərək Rusiyanın Mahaçqala, oradan isə Moskva və Sankt-Peterburq şəhərlərinə gedəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran