Şimal-qərb bölgəsində buraxılış imtahanları 9 mərkəzdə aparılıb
Şəki, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 11-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) keçirdiyi buraxılış imtahanının birinci mərhələsi başa çatıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəkidə 4, Qəbələdə 3, Oğuzda 2 olmaqla, ümumilikdə 9 imtahan mərkəzi ayrılmışdı. İmtahanlarda 3949 şagird, o cümlədən Şəki rayonu üzrə 2045, Qəbələ rayonu üzrə 1343, Oğuz rayonu üzrə 561 şagird iştirak edib. İmtahanların idarə olunmasına bu rayonlarda 28 imtahan rəhbəri və 354 nəzarətçi müəllim cəlb olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbində keçirilən buraxılış imtahanının gedişini müşahidə edib. Azərbaycan bölməsi üzrə aparılan buraxılış imtahanı təlimata uyğun olaraq səhər saat 11:00-da başlanıb. İmtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 50 nəzarətçi müəllim cəlb olunmuşdu. İmtahan rəhbəri Murad Əliyevin bildirdiyinə görə, imtahanda 576 şagirdin iştirakı nəzərdə tutulsa da, 11 nəfər müxtəlif səbəblər üzündən iştirak etməyib. Şagirdlərə ana dili fənni üzrə 20, riyaziyyat fənni üzrə isə 10 test tapşırığı təqdim edilib. İmtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Regional bölmədən verilən məlumata görə, qurumun əhatə etdiyi digər imtahan mərkəzlərində də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi mövcud təlimata uyğun, şəffaf keçib.