ŞİMALİ KOREYA ABŞ ƏRAZİSİNƏ ÇATA BİLƏN BALLİSTİK RAKETİN SINAĞINI HAZIRLAYIR
Pxenyanın raket proqramının inkişafını çoxdan təşvişlə izləyən yaponlar hələ mayda xəbərdarlıq etmişdilər ki, Şimali Koreya “Taepodong-2” raketinin sınaqlarına hazırlaşır. Ekspertlərin fikrincə, onun uçuş məsafəsi 6 min kilometrə çatır.
1998-ci ilin avqustunda KXDR ballistik raketin sınağını uğurla başa çatdıran kimi, Tokio ABŞ-dan xahiş etmişdi ki, Yaponiya ərazisinin raketdən müdafiə sisteminin yaradılmasına kömək göstərsin. Bunun cavabında Vaşinqton dəniz bazalı “Standard-3” raketdənmüdafiə sistemini modernləşdirmək layihəsinə təxminən bir milyard dollar qoymağı öhdəsinə götürmüşdür.
Cənubi Koreyadakı Amerika qoşunlarının komandanı general Barvell Bellin martda ABŞ Konqresində dinləmələrdə bildirdiyi kimi, belə güman etməyə əsas var ki, “KXDR Birləşmiş Ştatların Okinava, Quam, hətta Alyaskadakı obyektlərinə asanlıqla gedib çatmağa qadir olan ortamənzilli yeni ballistik raketlər yerləşdirməyə hazırlaşır”.
Bundan başqa, Pxenyan yaxın 10 il ərzində “Taepodonq” raketini “əməliyyat səviyyəsinə” çatdıra biləcəkdir.