DÜNYA
Şimali Koreya Donald Trampın yenidən ABŞ prezidenti seçilməsini istəyir
Pekin, 29 fevral, AZƏRTAC
Şimali Koreyada Donald Trampın yenidən ABŞ prezidenti seçilməsini istəyirlər. Pxenyan ABŞ-da keçiriləcək seçkiyədək Seul və Vaşinqtonla gərginliyi yüksək saxlamağa davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Almaniyanın Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) keçmiş səfiri Tomas Şaferin “National Public Radio” media qurumunun internet səhifəsindəki məqaləsində yer alıb. Sabiq səfir KXDR lideri Kim Çen Inın 2019-cu ildəki uğursuz nüvə danışıqlarına baxmayaraq, Donald Tramp ilə yeni danışıqlara maraq göstərə biləcəyini düşünür.
“Şimali Koreya sabiq prezident Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyinə ümid edir, çünki Pxenyan onu istəklərinə Prezident Baydendən daha uyğun hesab edir”,- deyən Tomas Şafer vurğulayıb ki, Şimali Koreyanın nəzərində Seul və Vaşinqtonun hazırkı Pxenyan siyasəti Donald Trampın prezidentliyi dövründəkindən daha pisdir. O, Pxenyanın ABŞ-dakı prezident seçkilərinədək olan dövrdə Koreya yarımadasında daha çox gərginlik yaradaraq, Donald Trampın uğur qazanması üçün “çalışacağını” düşünür. Pxenyan hesab edir ki, nə qədər çox gərginlik olarsa, Donald Tramp ilə danışıqlardan daha çox qazanclı çıxa bilər.
Almaniyalı diplomatın fikrincə, Pxenyanın əsas hədəfləri arasında Amerika qoşunlarının Koreya yarımadasından çıxarılması, Cənubi Koreya-ABŞ ittifaqının zəifləməsi yer alır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin