Şimali Makedoniyalı nazir: Əlçatan və əlverişli enerji təchizatı sənaye rəqabətqabiliyyətliliyi üçün əsas sütunlardandır
Bakı, 25 sentyabr, AZƏRTAC
Şimali Makedoniya 2020-ci ildən NATO üzvüdür və Avropa İttifaqına üzvlük üçün namizəd ölkədir. Üzvlük prosesi və Avropa standartlarına davamlı uyğunlaşma bizim daha geniş iqtisadi transformasiyamızın mühüm tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.
“Ticarət sazişlərimiz 650 milyondan çox istehlakçısı olan bazara çıxış təmin edir. Biz, həmçinin enerji təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyasına xüsusi diqqət yetiririk. Əlçatan və əlverişli enerji təchizatı sənaye rəqabətqabiliyyətliliyi üçün əsas sütunlardan birinə çevrilir. Biz regional enerji əlaqəliliyi, şəbəkənin gücləndirilməsi və enerji saxlanması güclərinin inkişafı üzərində işləyirik. İkinci sütun infrastruktura investisiyadır. İri infrastruktur layihələrinin sürətləndirilmiş icrası artıq iqtisadi fəallığa birbaşa təsir göstərir. İlin birinci yarısında tikinti sektoru 15 faiz böyüyüb ki, bu da iri infrastruktur layihələrinin sürətləndirilmiş icrasını əks etdirir. Üçüncüsü, biz biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş islahatları davam etdiririk: inzibati prosedurların sadələşdirilməsi, tənzimləmə yükünün azaldılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və investisiya şəraitinin yaxşılaşdırılması. Dördüncüsü, biz regional iqtisadi inteqrasiyanı dərinləşdiririk. Şimali Makedoniya CEFTA-da və Qərbi Balkan ölkələrinin daha inteqrasiya olunmuş regional bazar yaratmaq, malların, xidmətlərin, kapitalın və insanların hərəkətini asanlaşdırmaq üçün çalışdığı Ümumi Regional Bazar təşəbbüsündə aktiv tərəfdaşdır. Bu, həm də Avropa Vahid Bazarının yaradılmasına doğru bir körpü rolu oynayır. Məqsədimiz yalnız növbəti xarici şoklara tab gətirə bilən deyil, həm də yeni investisiyalar, yeni texnologiyalar, daha yaxşı iş yerləri və Avropa, eləcə də qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiya vasitəsilə dəyişikliyi imkana çevirməyə qadir olan bir iqtisadiyyat qurmaqdır”, - deyə nazir qeyd edib.