Şirvanda 37 min 689 nəfər kütləvi tibbi müayinədən keçirilib
Şirvan, 3 aprel, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün bölgələrdə olduğu kimi, Şirvan şəhərində də əhalinin pulsuz kütləvi tibbi müayinəsi uğurla aparılır. Üç ay davam edəcək aksiya çərçivəsində 18 yaşından yuxarı 63 min 850 şirvanlının tibbi yoxlamadan keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya Şirvan Şəhər Mərkəzi Poliklinikasında keçirilir. Vətəndaşlar poliklinikada fəaliyyət göstərən elektrokardioqrama, ultrasəs, rentgen, füloqrafiya və digər şöbələrdə ixtisaslı həkimlər tərəfindən müayinə olunur, xəstəlik aşkarlanan sakinlər müalicəyə cəlb edilirlər.
Poliklinikanın müdiri Səadət Quliyeva bildirib ki, aksiya ilə bağlı səhiyyə ocağında bütün zəruri şərait yaradılıb. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Gün ərzində 400-450 vətəndaş müayinə olunur. Aksiya başlanandan - fevralın 12-dən bu günə kimi 37 min 689 nəfər tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 2830 nəfər ambulator, 313 nəfər stasionar müalicəyə cəlb edilib, 64 sakin təkrar müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib. Əlli nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.