MƏDƏNİYYƏT
Siyəzən rayonuna virtual tur
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi təşkil olunub. Layihə əsasında bir çox virtual səyahətlər həyata keçirilir. Xatırladaq ki, Quba, Gəncə, Bərdə, Xızı, Göyçay, Daşkəsən, Qax, Tovuz, Şəki, Ağcabədi, İsmayıllı və s. rayonlara təşkil olunan virtual turlar sosial şəbəkələrdə də təqdim olunur.
AZƏRTAC xəbər verir ki, virtual izləyicilər üçün hazırlanmış növbəti səyahət Siyəzən rayonuna həsr edilib. Videoçarxda ilk olaraq, bir şəhər, bir qəsəbə, otuz iki kənddən ibarət olan rayonun ərazisi (7384 km2), əhalisi (40500 nəfər) haqqında məlumat verilib, bu ərazidə yerləşən müasir bina və parkların siyahısı və fotoları təqdim olunub.
Təbiətə əsrarəngiz bir rəng qatan rayonun flora və faunası bütün gözəlliyi ilə videoçarxda nümayiş olunur. Tarixi ilə qədim olan Siyəzən ərazisində Xəlil türbəsi, Daş qutusu nekropolu, Gilgilçay müdafiə səddi, Beşbarmaq yaşayış yeri, Dindağ qalaçası kimi tarixi abidələrin fotoları və yaranma tarixləri ilə bağlı faktlar da videoçarxda əks olunub.
Videoçarxın davamında görkəmli və tarixi şəxsiyyətlərin siyahısı ardıcıl formada verilib. Mətbəxinə aid balıq qızartması, küftə-bozbaş, fəsəli, göy qutabı və bu kimi ləzzətli yeməklərin fotoları da videoçarxda yerləşdirilib.
Videoçarx Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Beşbarmaq dağı, rayonun müxtəlif zonalarından axan Ata çay, Gil-gil çay kimi çayların fotoları da yer alıb.
Videoçarxda Əməkdar artist Mətanət İsgəndərlinin ifasında Abbasqulu Nəcəfzadənin Nəcməddin Mürvətovun sözlərinə yazılmış “Siyəzən” mahnısı səslənir.