Slovakiya parlamentinin nümayəndə heyəti Füzuli, Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edib
Şuşa, 15 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti mayın 15-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlar Füzuli hava limanının maketi, limanın texniki göstəriciləri, həmçinin Füzuli şəhərinin bərpası planı ilə tanış olub, rayonda görülmüş işlərlə bağlı geniş məlumat alıblar.
Şuşaya gələn qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Qonaqlar burada Cıdır düzündə və Aşağı Gövhər Ağa məscidində olublar. Bildirilib ki, qəhrəman əsgərlərimizin böyük şücaəti sayəsində işğaldan azad edilmiş Şuşanın Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Sonra nümayəndə heyəti Xankəndi şəhərinə gəlib. Qonaqlar Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olublar. Onlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.
Nümayəndə heyəti Zəfər parkını da ziyarət edib.
Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orada yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana və laboratoriyalarla tanış olublar. Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar. Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Səfər çərçivəsində slovakiyalı parlamentarilər Ağdam rayonunun Baş Qərvənd kəndində də olublar. Burada qonaqlara Slovakiya Respublikasının iştirakı ilə görülmüş işlər barədə məlumat verilib.
Müxbir – Tahir Ağaməmmədov