SLOVENİYA PREZİDENTİ YANEZ DRNOVŞEKİN BƏYANATI
Bu gün mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevi burada ilk rəsmi səfəri zamanı qəbul etməkdən olduqca məmnunam. Prezidentin ilk rəsmi səfəri hər zaman çox mühüm bir inkişaf nöqtəsi olur. Bu, xüsusən də ikitərəfli münasibətlər üçün əhəmiyyətli olur. Azərbaycan ilə Sloveniya müstəqilliklərini, demək olar ki, eyni vaxtda elan etmişlər və həmin vaxtdan etibarən hərə öz inkişaf istiqamətində böyük nailiyyətlər qazanmışdır. Eyni zamanda, belə bir qənaətə gəldik ki, ikitərəfli əməkdaşlıq sayəsində biz artıq əldə etdiyimiz nəticələrdən daha çox nailiyyətlər qazana bilərik. Hər iki tərəf üçün əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi, iqtisadi və mədəni sahələrdə bir çox imkanlar mövcuddur. Eyni zamanda, biz gələcək Avropanın formalaşması layihəsində də iştirak edə bilərik.
Prezident İlham Əliyev və mən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi apardıq, eyni zamanda, Avropanın gələcəyi ilə bağlı məsələləri nəzərdən keçirdik. Azərbaycan Avropanın bu cür perspektivlərində xüsusilə maraqlıdır və Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Şəxsən mən Azərbaycanın gələcəkdə Avropa İttifaqına üzvlüyünə və ona tam inteqrasiya olunmasına məmnunluqla baxıram. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi də bu baxımdan dinc yolla öz həllini tapacaq, bu problem qarşılıqlı razılaşma əsasında çözüləcəkdir. Biz bilirik ki, Azərbaycanla Ermənistan arasında olan bu münaqişə artıq uzun müddətdir gedir. Ümid edirəm ki, hər iki ölkə gələcəkdə Avropa İttifaqı ilə birlikdə çətinliklərin aradan qaldırılması üçün birgə işləyəcəkdir. Mən sonda Sloveniyanın mümkün olan hər hansı bir formada Azərbaycana yardım göstərməsinə hazır olduğumu bildirirəm.
Sağ olun.