SOCAR istiqrazlarının növbəti faizləri ödəniləcək
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın17-də SOCAR istiqrazları üzrə 2019-cu ilin ilk faiz ödənişi həyata keçiriləcək.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb.
SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlmiş olacaq.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən gerialma zəmanəti, likvidliyin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb-satılan qiymətli kağızdır - 2018-ci ildə 800-dən çox əqd bağlanıb.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24 faiz, korporativ istiqraz bazarındakı payı isə 87 faiz təşkil edib.