SİYASƏT
Soltan Məmmədov: Azərbaycan dövləti şəhid ailələrinin, qazilərin və hərbçilərin problemlərinin həlli üçün bütün zəruri addımları atır
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan dövləti şəhid ailələrinin, qazilərin və hərbçilərin problemlərini daim diqqət mərkəzində saxlayır. Onların həlli üçün bütün zəruri addımlar atılır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş insanlara, eləcə də şəhid ailələrinə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir.
Soltan Məmmədov ötən müddətdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini xatırladaraq deyib: “Bildiyiniz kimi, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilib. Bu günə qədər 7200 müharibə əlilinin avtomobillə təmin olunması ilə bağlı müraciəti müsbət həll edilib. 2025-ci ilə qədər şəhid ailələrinə 11 min mənzil və fərdi ev verilməsi gözlənilir. Bu rəqəmlər dövlətin bu kateqoriyadan olan vətəndaşlara nə qədər həssas yanaşdığını bir daha təsdiq edir”.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri və qazilərə daim diqqət və qayğı ilə yanaşılmasının vacibliyini hər zaman vurğulayırlar. Məhz dövlətin həyata keçirdiyi ardıcıl, sistemli tədbirlərin nəticəsi olaraq bu gün ölkədə şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş bütün vətəndaşlara xüsusi münasibət var. “Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıq göstərən hər bir insan bizim üçün dəyərlidir. Hesab edirəm ki, dövlətin göstərdiyi diqqət və qayğı həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə ciddi təsir göstərən amillərdən biridir. Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və əlillərinə cəmiyyətdə olan münasibət mahiyyət etibarilə həm də dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məzmununu ifadə edir”, - deyə deputat vurğulayıb.
Soltan Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər göstərdi ki, Azərbaycan xalqının əzmini sındırmaq mümkün deyil. Bu Zəfərin əldə olunmasını təmin edən əsas amillərdən biri də məhz dövlət-xalq birliyi olub. Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı isə bu birliyi daha da möhkəmləndirərək, Azərbaycan dövlətini gücünü, bütün vətəndaşların, xüsusilə də gənclərin öz dövlətinə inamını daha da artırır.