Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək məbləğ açıqlanıb
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək məbləğ açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında məlumat verib.
Nazirin sözlərinə görə, bunun üçün növbəti il dövlət büdcəsi xərclərinin 4,1 faizi həcmində və ya 1 milyard 509 milyon manat vəsait yönəldiləcək. Gələn ilin dövlət büdcəsində xərclərin prioritetliyinə önəm verilməklə yanaşı, əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahələrində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşdırılması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.
“Ənənəvi olaraq dövlət büdcəsinin xərclərinin tərkibində sosialyönümlü xərclərin böyük xüsusi çəkiyə malik olması növbəti ilin büdcə sənədinə də xasdır. Belə ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi, onun cari xərclərinin isə 70 faizi və yaxud 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu, cari ilin göstəricisi ilə müqayisədə 1 milyard 35 milyon manat, yaxud 7 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 38 milyon manat və ya 24 faiz çoxdur. 2020-ci illə müqayisədə 2024-cü ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 6 faiz bənd, mütləq ifadədə isə 6 milyard 19 milyon manat və ya 60 faiz çox olacaqdır”, - deyə Samir Şərifov əlavə edib.