“Startap Azərbaycan 2016” layihəsinə start verilir
Bakı, 25 fevral, AZƏRTAC
Martın 1-dən “Startap Azərbaycan 2016” layihəsinə start veriləcək.
“Startap Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, startap günlərinin və investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Müsabiqədə fərqlənən startaplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər keçiriləcək. Layihə çərçivəsində startaplara komanda formalaşdırmağa köməklik göstərilir.
Startap layihələrinin qeydiyyat müddəti www.startup.az saytında aprelin sonunadək davam edəcək. Qurumun təşkilat komitəsinin qərarına əsasən bu ilki müsabiqədə yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) iştirak edə biləcək.
Layihələrlə bərabər investorlar, mentorlar, developerlər və informasiya texnologiyaları (İT) üzrə mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilərlər.
İki mərhələdə həyata keçiriləcək yarışmalarda iştirak edən startapların ekspert qiymətləndirilməsi təşkil olunacaq. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə yarımfinalçılar müəyyən olunacaq və onların təqdim etdikləri biznes-planlar və layihələrinin təqdimatları əsasında yenidən qiymətləndirmə həyata keçiriləcək və qaliblər müəyyən olunacaq.