İQTİSADİYYAT
Stavropol diyarı VIII Rusiya-Azərbaycan Regionlararası Forumuna hazırlaşır
Bakı, 14 sentyabr, AZƏRTAC
Stavropol diyarı VIII Rusiya-Azərbaycan Regionlararası Forumuna hazırlaşır.
AZƏRTAC “Stavropolskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Stavropolda sentyabrın 28-də keçiriləcək VIII Rusiya-Azərbaycan Regionlararası Forumuna hazırlıq başlayıb.
Nəşrin məlumatında deyilir: “Azərbaycan Rusiyanın strateji tərəfdarlarından biridir. Bu gün üçün o, ölkəmizin iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyub, Rusiya isə həmin respublikaya 3 milyard dollar sərmayə yatırıb. Rusiyanın təqribən 40 regionu artıq Azərbaycandan olan tərəfdaşlarla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalayıb”.
Stavropol diyarı hökuməti sədrinin birinci müavini Nikolay Velikdan vurğulayıb: “Hazırda Azərbaycan Stavropol diyarından taxıl idxalının həcminə görə lider mövqeyini qoruyub saxlayır. O, bizim çoxdankı işgüzar və eyni zamanda perspektivli tərəfdaşımızdır. Forum çərçivəsində Stavropol diyarı, Rusiyanın başqa regionları və Azərbaycan arasında humanitar, mədəni və iqtisadi əlaqələr sahəsində bir sıra sazişlərin imzalanması nəzərdə tutulub. Sənaye, turizm və səhiyyə sahələrində əməkdaşlığa dair “dəyirmi masa”larda bəzi mühüm mövzular müzakirə ediləcək. Forum çərçivəsində Şimali Qafqaz və Cənub federal dairələri ərazilərində yaşayan xalqların milli mədəniyyətlərinin təqdimatı, yaradıcı kollektivlərin çıxışları, milli mətbəxlərin yeməklərinin dequstasiyası ilə müşayiət olunan “Cənub qonaqpərvərliyi” festivalı da keçiriləcək. Festivalda Stavropol diyarının, Kalmıkiya, Dağıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikalarının və Azərbaycanın nümayəndə heyətləri iştirak edəcəklər. Bundan əlavə, “Qoyun əti festivalı” adlı diyar miqyaslı kulinariya müsabiqəsi keçiriləcək.