SU ANBARLARI DAŞQINLARA QARŞI MÜBARİZƏDƏ MÜHÜM VASİTƏDİR
Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, respublikamızın ərazisində Kür, Araz və Qanıx çayları ilə yanaşı, 154 selgətirən çay vardır. Bunlardan 61-i, o cümlədən Kiş, Tala, Kürmük, Dəmiraparan, Katex, Bum, Muxax, Girdiman və digər çaylar xüsusilə təhlükəlidir. Ona görə də Kür və Araz çaylarının sahilləri boyunca torpaq mühafizə bəndləri tikilmişdir. Hazırda Kür sahillərində bəndlərin uzunluğu 1016, Araz boyunca isə 124 kilometrə çatır. Mingəçevir (1953) və Araz (1971) su anbarlarının yaradılması ilə çaylarda dağıdıcı daşqın təhlükəsi aradan qalxmışdır. Mingəçevir su anbarı tam doldurulduqdan sonra (suyun səviyyəsi 83 metr) Kür, Qanıx, Qabırrı çaylarında daşqın baş verərsə, bənddən dib və yuxarı sutullayanları vasitəsilə Kür çayına müvafiq olaraq saniyədə 1600 və 780 kubmetr, bilavasitə su anbarından Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarına isə 113 və 78 kubmetr su vurmaq mümkündür. Bu ilin yaz aylarında dağlıq, dağətəyi, xüsusilə Kürlə Arazın qovuşduğu ərazidə daşqınlar iqtisadiyyatımıza böyük ziyan vurdu. Səbəb də budur ki, son 20 ildə Xəzər dənizinin səviyyəsi 2001-ci ilədək orta illik göstəricidən aşağı olduğu üçün su dənizə “Bala Kür”lə axırdı, çayın deltasında əsas suaparıcı qol - “Ana Kür” isə lillə dolmuşdu. Nəticədə çayın suaparma qabiliyyəti saniyədə 1800-2200 kubmetrdən 800-900 kubmetrə düşmüşdü. Yeri gəlmişkən, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mütəxəssisləri vəziyyəti düzgün qiymətləndirdikləri üçün hələ may ayında Mingəçevir anbarında suyun səviyyəsini 80 metrdən yuxarı qaldırmamışdılar. Beləliklə, daşqın vaxtı Kürün suyu Mingəçevirdə nizamlandı və Sabirabadda ümumi axın həcminin 20-25 faizi Kür çayının, 75-80 faizi Araz çayının payına düşdü. Ziyanın çoxluğu onunla izah olunur ki, Mingəçevir su anbarı tikiləndən sonra dağıdıcı daşqınların baş vermədiyini görən əhali çayın məcrasına yaxın münbit torpaqlardan istifadə etməyə başlamışdır. Ona görə də əhali arasında maarifləndirmə işinin aparılması çox vacibdir.