Sumqayıt Dövlət Universitetində “Əsgər əmanəti” devizi ilə tədbir keçirilib
Sumqayıt, 7 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbənin iki illiyi münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) “Əsgər əmanəti” devizi altında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin tarix və coğrafiya, riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib.
SDU-nun rektoru, professor Elxan Hüseynov Aprel döyüşlərində cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Azərbaycan Silahlı Qüvvələrinin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2016-cı il aprelin 2-nə keçən gecə Azərbaycanın mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. İşğalçı ordu atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutub. Dördgünlük döyüşlərdə Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən, strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirib.
Aprel döyüşləri ilə bağlı SDU-da mütəmadi olaraq tədbirlər keçirildiyini deyən rektor xatırladıb ki, həmin döyüşlərdə universitetin fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu, 1993-cü il təvəllüdlü Mikayıl Vahabzadə də şəhid olub. Onun xatirəsi universitet əməkdaşları və tələbələri tərəfindən daim əziz tutulur, qəhrəmanlığı gənc nəslə nümunə kimi təbliğ olunur.
Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Teymur Aslanlı “Döyüş alnımıza yazılıb”, Aidə Əsədova “Dünənimiz, bu günümüz və gələcəyimiz” və II kurs tələbəsi Ceyhun Əsgərov “Mübariz xalq” mövzularında çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri haqqında danışıblar. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən tələbələr işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər.
Tədbirdə tələbələrin ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa olunub, Aprel döyüşləri ilə bağlı videoçarxlar nümayiş etdirilib, səhnəciklər göstərilib.