Sumqayıt Dövlət Universitetində Novruz bayramı sevinci
Sumqayıt, 16 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Novruzun gəlişi münasibətilə bayram tədbiri keçirilib.
SDU-dan AZƏRTAC-a bildirilib ki, rektor, professor Elxan Hüseynov ali məktəbin kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, Novruz bayramının tarixindən, adət-ənənələrindən habelə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından və daha da inkişaf etdirilməsindən söz açıb. Bildirilib ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının qərarı ilə 21 mart rəsmi qaydada Beynəlxalq Novruz Günü kimi elan olunub.
Rektor tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına əminliyini bildirib.
Bayram tədbirində tonqal qalanıb, müxtəlif milli oyunlar, Novruz adətləri, rəngarəng Novruz xonçaları, milli mətbəximizin nümunələri nümayiş olunub. Novruzun əsas personajlarından olan Kosa və Keçəl, Bahar qızının məzəli-duzlu söhbətləri hər kəsdə xoş ovqat yaradıb. İncəsənət xadimlərinin ifaları və universitetin “Səma” rəqs qrupunun maraqlı konsert nömrələri bayram tədbirinə xüsusi rəng qatıb.