REGİONLAR
Sumqayıt məktəbliləri şəhərin tarixini və bu gününü tədqiq və təbliğ edir
Sumqayıt, 26 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında “Sumqayıtın tarixi və bu günü məktəblilərin gözü ilə” adlı elmi-praktik konfransın yekun tədbiri keçirilib. Tədbirdə şəhər məktəblərinin nümayəndələri ilə yanaşı, Abşeron və Qubadlı rayonlarının təhsil işçiləri də iştirak edib. İştirakçılar əvvəlcə sarayın foyesində təşkil edilən sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyinə həsr olunan “Sumqayıtın tarixi və bu günü: məktəblilərin gözü ilə” adlı elmi-praktik konfransa təqdim olunan məruzələrin müsabiqəsini keçirmək məqsədilə yaradılan Təşkilat Komitəsi tərəfindən Sumqayıtın tarixini, coğrafiyasını, keçdiyi inkişaf yolunu əhatə edən 16 mövzu müəyyənləşdirilərək məktəblərə təqdim edilib. İlkin mərhələdə 7-11-ci sinif şagirdlərini əhatə edən bu müsabiqəyə məktəblərdən 48 tədqiqat işi təqdim olunub. Onlardan ən yaxşı 18 tədqiqat işi konfransın qalibi adına layiq görülüb.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə qalib şagirdləri təbik edərək bildirib ki, Sumqayıt təhsil işçiləri dövlətin diqqət və qayğısını öz üzərində daim hiss edir. Məhz bu diqqət və qayğıdan bəhrələnən Sumqayıt müəllimləri öz vəzifələrini layiqincə yerinə yetirərək, şəhər təhsilinin respublikada ön sıralarda olmasına çalışırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin inkişafında təhsil işçilərinin mühüm rolu olduğunu vurğulayıb. Təhsilin inkişafının dövlət başçısı İlham Əliyevin daim gündəmində olduğunu bildirən Z.Fərəcov qeyd edib ki, ölkəmizdə təhsil müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, gənclərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb.
Sonra müsabiqədə qalib gəlmiş şagirdlər şəhərin tarixi, ekologiyası, əmək resursları, mədəni və tarixi abidələri, coğrafi mövqeyi, turizm potensialı və digər mövzularda tədqiqat işlərini təqdim ediblər.
Ən yaxşı tədqiqat işləri seçilərək çap olunan kitaba salınıb.
Tədbir çərçivəsində fərqlənən müəllim və şagirdlərə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları verilib.
Konfransın yekun tədbiri məktəblilərin konsert proqramı ilə davam edib. Respublikanın tanınmış incəsənət ustalarının çıxışları tədbiri daha da rövnəqləndirib.