SUMQAYITDA BEYNƏLXALQ AİLƏ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin qərarı ilə 1993-cü ildən başlayaraq, hər il mayın 15-də qeyd edilən Beynəlxalq ailə günü münasibətilə Sumqayıt İcra Hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə tematik gecə keçirmişdir.
Bu münasibətlə şəhərdə yaşayan 50-dək ailə “Vilvan” restoranında bayram süfrəsi başına yığışmışdı. Şənliyə şəhərin quruculuq salnaməsinə çoxlu şanlı səhifələr yazmış tanınmış adamlar dəvət olunmuşdu. Onların arasında respublikanın əməkdar məşqçisi, paralimpiya oyunları çempionunu hazırlamış Əhməd Rəcəblinin ailəsi, məşhur inşaatçılar sülaləsinin üzvləri Gülbahar və İmamverdi Vəliyevlər, Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov, alim Həsən Sadıxov, nəslən həkimlər, habelə şəhid və Qarabağ müharibəsi əlillərinin ailələri var idi.
Bayram tədbirində çıxış edənlər ailənin cəmiyyətdəki rolundan danışaraq vurğulamışlar ki, ulu öndər Heydər Əliyevin, o cümlədən onun ailəsinin həyatı bütövlükdə ailə təsisatının əhəmiyyətinə və vacibliyinə əyani sübutdur. Bu dahi şəxsiyyətin ailəsinin bütün üzvləri xalqımız üçün sədaqət, vətənpərvərlik, yüksək insani və mənəvi keyfiyyətlər, layiqli nümunə təcəssümü olmuşlar.
Tədbir iştirakçıları şəxsiyyətin təşəkkülü və inkişafında, onun cəmiyyətin həyatında iştirakında ailənin misilsiz rolunu xüsusi vurğulayaraq, öz şəxsi nümunələri ilə belə bir vacib postulatı bir daha təsdiqlədilər: ailə kiçik dövlətdir, onun rifahı dövlətin məqsədi və məramıdır.
Gecənin zəngin proqramı, qonaqların öz həyatlarından danışdıqları məzəli əhvalatlar, maraqlı konsert proqramı, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı aktyorlarının və şəhərin bədii özfəaliyyət kollektivlərinin çıxışları qonaqlarda xoş ovqat, onların mənalı istirahət etmələri üçün şərait yaratdı.