REGİONLAR
Sumqayıtda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
İyulun 22-də ölkəmizdə Milli Mətbuat Günü qeyd edilir. Bu münasibətlə Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Mətbuatımız, problemlər və həlli yolları” mövzusunda tədbir keçirilib. Dəyirmi masa formatında reallaşan tədbiri Azərbaycan Yazıcılar Birliyini (AYB) Sumqayıt şəhər bölməsi, Heydər Əliyev Mərkəzi və şəhər jurnalistlər birliyi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himnini səsləndirilməsi ilə başlayıb.
Respublikamızın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin, o cümlədən şəhid jurnalistlərin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanın moderatoru AYB-nin şəhər bölməsinin sədri Gülnara Camaləddin Sumqayıtda fəaliyyət göstərən jurnalistləri əlamətdar gün münasibətilə təbrik edib, onlara obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayıb.
Qeyd edilib ki, 147 il əvvəl ana dilində ilk qəzet işıq üzü görüb. Belə ki, 1875-ci ilin iyulun 22-də görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Ötən illər ərzində Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Müzakirələrdə iştirak edən “Exo Sumqayıta” qəzetinin baş redaktoru Eyruz Məmmədov, “Zərdabi poliqrafiya nəşriyyatı” müəssisəsinin direktoru Aydın Məlikov, Jurnalistlər Birliyinin şəhər şöbəsinin sədri Rafiq Oday, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, yazıcı-kulturoloq Hafiz Ataxanlı, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova və başqaları ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçdiyini, lakin bir hissəsi daimi olaraq nəşr olunduğunu qeyd ediblər.
Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul olunub. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb.
Natiqlər mətbuatımızın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, informasiya mədəniyyətinin inkişaf etdirilməsi, maddi-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən də layiqincə gəldiyini qeyd ediblər.
Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edildiyi vurğulanıb. Bildirilib ki, bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların səmərəliliyinin artırılmasına da səbəb olub.
Mətbuatın informasiya müharibəsində rolundan danışan natiqlər 44 günlük Vətən müharibəsi zamanı bu işdə mətbuatın rolunu qeyd ediblər. Media, həmçinin bu gün Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır.
Bildirilib ki, Mətbuat Günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki, azad söz azad cəmiyyətin təməl daşıdır.