CƏMİYYƏT
Sumqayıtda ticarət mərkəzində mənşəyi məlum olmayan süd məhsulları satışdan çıxarılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin 1003-Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Sumqayıtda vətəndaş Rəhimov Famin Əfrasiyab oğluna məxsus “Pompey” ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən “Ordubad” supermarketində monitorinq keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı süd məhsulları olan bölmənin vitrinində mənşəyi məlum olmayan, etiketlənməyə dair tələbləri (məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanılma şərtləri, istehsalçının adı, ünvanı) qeyd edilməyən “Alman pendiri”, “Bərdə pendiri”, “İsmayıllı pendiri” adları altında satılan, ümumi çəkisi 292,8 kiloqram olan pendir və 29,5 kiloqram şor aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən məhsulların normaya uyğun olmadığı müəyyən olunub. Aşkar olunan nöqsanlar əsasında, qanunvericiliyin tələbləri çərçivəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına görə müəssisənin rəhbəri barədə inzibati protokol tərtib edilib və həmin məhsullar satışdan çıxarılıb.