Sumqayıtda zavodun ərazisində mərmi aşkarlanıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da saat 11:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 11:52-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıtda mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri ərazidə Sumqayıt Texnologiyalar Parkının üçüncü metaləritmə (STP-3) zavodunun ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində partlamış minaatan mərmisi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış minaatan mərmisinin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən martın 30-dək 2398 partlamamış hərbi sursat, tank əleyhinə iki mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 31 min 115 kvadratmetr ərazi yoxlanılıb.