Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO
Astana, 11 oktyabr, AZƏRTAC
Robotlar və süni intellekt texnologiyaları, kainatın quruluşu haqqında qədim təsəvvürləri təcəssüm etdirən abidə və Mərkəzi Asiyanın ən böyük məscidlərindən biri - bütün bunları Astanada görmək mümkündür.
Qazaxıstanın paytaxtı müasir texnoloji nailiyyətləri, milli ənənələri və memarlıq rəmzlərini özündə birləşdirir. AZƏRTAC-ın müxbiri şəhərin üç əlamətdar məkanı ilə tanış olub.
İlk dayanacaq Alem AI Beynəlxalq Süni İntellekt Mərkəzi olub. Burada yerləşən Sinqulyarlıq Muzeyində süni intellektə və rəqəmsal texnologiyalara həsr olunmuş müxtəlif instalyasiyalar nümayiş etdirilir.

“Burada robotların, virtual robotların olduğu müxtəlif instalyasiyalar var”, - deyə muzeyin bələdçisi Aqbota Ömirzaq bildirib.

Onun sözlərinə görə, mərkəz yaxın vaxtlarda açılıb. Mərkəz 2026-cı ildə ziyarətçiləri qəbul etməyə başlayıb və onları süni intellektin imkanları ilə tanış edir.
Marşrut üzrə növbəti məkan Qazaxıstan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan “Bayterek” abidəsi olub.


“Bayterek ölkənin həyatında yeni başlanğıcı simvolizə edir və üç aləmin - yeraltı, yerüstü və səma aləmlərinin birləşdiyi Həyat ağacı ilə əlaqələndirilir”, - deyə bələdçi Albina Yespulova bildirib.

Onun sözlərinə görə, abidənin hündürlüyü 105 metrdir.
Marşrutun daha bir dayanacağı monumental memarlığı, ağ və mavi rənglərin vəhdəti ilə diqqəti cəlb edən “Nur-Sultan” məscidi olub.

Avropanın Mərkəzi Asiya və Qafqazla münasibətlərini araşdıran belçikalı jurnalist Derya Soysal məscidi ziyarətindən aldığı təəssüratları bölüşüb.

“Bu, həqiqətən, çox gözəldir, xüsusilə ağ və mavi rənglərin vəhdəti. Bildiyiniz kimi, mavi türklərin rəngidir. Türküstan şəhərində də bu rəng üstünlük təşkil edir”, - deyə o qeyd edib.

Jurnalist belə memarlıq tikililəri ilə tanışlığın onda qürur hissi doğurduğunu vurğulayıb.
“Belə gözəl məscidləri və memarlıq tikililərini görmək məni çox sevindirir. Azərbaycana salamlarımı çatdırıram. Mən Azərbaycana və Qazaxıstana gələndə həmişə çox xoşbəxt oluram”, - deyə Derya Soysal bildirib.
Qeyd edək ki, reportaj “AI & Digital Bridge 2026” forumunun proqramı çərçivəsində xarici media nümayəndələri üçün Astanada təşkil olunmuş press-tur zamanı hazırlanıb.