Süni intellektə əsaslanan proqramların işlənilməsi günün vacib tələblərindəndir
Bakı, 9 aprel, AZƏRTAC
Son illər süni intellektə əsaslanan proqramların işlənilməsi proqram mühəndisliyi sahəsində əldə olunan mühüm nailiyyətlərdəndir. Süni intellektin məqsədi insan beyninin mikrostrukturuna oxşar modelə əsaslanan və mürəkkəb məsələləri insan kimi həll etməyə imkan verən yeni nəsil adaptiv metod və alqoritmlərin yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Tamilla Bayramova proqram mühəndisliyində süni intellekt problemlərindən danışıb.
Qeyd olunub ki, süni intellektin yaradılması zamanı idrakın və əks əlaqəli neyroşəbəkələrin modelləşdirilməsi, qeyri-səlis modellər, genetik alqoritmlər, ekspert sistemlərinin hazırlanması, obyektlərin, mətnlərin və nitqin tanınması, məntiqi proqramlaşdırma, robototexnika kimi istiqamətlər üzrə model və alqoritmlərin işlənilməsi və proqramlaşdırılması həyata keçirilir.
T.Bayramova bildirib ki, hazırda kompyuter texnologiyaları süni intellekt vasitəsilə proqramlarla ünsiyyət yaratmağa imkan verir. Məsələn, süni intellektə malik “ChatMaster” proqramı insanla çat vasitəsilə əlaqə yaradır. Proqramla ünsiyyət saxladıqda lüğət ehtiyatını artırır və həmsöhbətinə uyğunlaşa bilir. “A.L.I.C.E.” (Artificial Linguistic Internet Computer Entity - Süni linqvistik internet-kompyuter varlıq) proqramı isə yazılmış suallara şifahi cavab verir.
Həmçinin süni intellektin nailiyyətlərindən istifadə etməklə insan həyatı üçün təhlükəli sahələrdə işləməsi məqsədilə hazırlanmış xilasedici, yanğınsöndürən, köməkçi robotlar və s. barədə məlumat verilib.