Suraxanı və Səbail rayonlarında Vətən müharibəsi şəhidlərinin ildönümü mərasimləri keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Suraxanı rayonunda şəhid Cabarzadə Cavid Qorxmaz oğlunun şəhadətinin ildönümü mərasimi təşkil edilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının rəhbər şəxsləri və məsul əməkdaşları, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və şəhidin doğmaları Cavid Cabarzadənin məzarını ziyarət edib, tər güllər düzərək dualar oxuyublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid əsgər Cabarzadə Cavid Qorxmaz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Səbail rayonunda isə Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun ildönümü mərasimi təşkil olunub.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri və partiya əməkdaşları, qazilər, ailə üzvləri şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.