Suraxanıda açıq hökumətin təşviqi ilə bağlı tədbir keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti maarifləndirici tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov deyib ki, Prezident İlham Əliyevin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edilib. “Milli Fəaliyyət Planı”nın icrası məqsədilə tədbirlər planı təsdiqlənib. Tədbirlər planına uyğun olaraq, həm rayon icra hakimiyyətində, həm də rayonun idarə, müəssisə və təşkilatlarında müntəzəm maarifləndirici tədbirlər keçirilib.
İlqar Abbasov bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə və dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətində şəffaflığının təmini qətiyyətlə yerinə yetirilir.
Açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə olunmasında açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və BMT-nin 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir.
İcra başçısı bildirib ki, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmaqdadır. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin əsas götürülməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi məhz bu reallıqla şərtlənir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Asif Qədirov, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin prokurorları Arif Əyyubov və Ziya Hacıyev, rayon prokuroru Rəhim Əliyev, rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə çıxış ediblər.