Suraxanıdakı maarifləndirmə tədbirində yanğın zamanı davranış qaydaları müzakirə olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə Suraxanı rayonundakı B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC bildiriblər ki, tədbirdə müvafiq fotoslaydların müşayiəti ilə “Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Zəlzələ zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “Torpaq sürüşməsi zamanı davranış qaydaları” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması diqqətə çatdırılıb. Eləcə də pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, çənlər, kəmərlər, hidrantlar) diqqət yetirilməsinin vacibliyi qeyd edilib.
Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub. İştirakçılara “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanılıb.