ŞUŞANI ANMA MƏRASİMİ
Sərgiyə gələnlər, öncə, Azərbaycanın ictimai-siyasi və mədəni tarixində mühüm rol oynamış Şuşanın görkəmli şəxsiyyətləri, tanınmış ziyalıları, mədəniyyət və sənət adamları, eləcə də şəhərin mədəni-tarixi abidələrinin fotoları (130-a yaxın fotoşəkil), rəsmləri ilə tanış olmuşlar. Şuşanın işğal gününü anmaq üçün qalereyaya toplaşanlar ürək sözlərini söyləmişlər. Sərginin təşkilatçısı, “Şuşa uğrunda” Ümumazərbaycan İctimai-Mədəni Hərəkatının sədri Rafael Gülməmmədli, İstiqlaliyyət Muzeyinin elmi-kütləvi şöbəsinin müdiri Amaliya Abbasova, Bakı Şəhər Veteranlar Şurasının üzvü İman Musayev və başqaları xalqımızı erməni əsirliyində qalan Şuşanın unudulmasına yol verməməyə, dünya ictimaiyyətinin diqqətini bir daha Şuşanın tarixi-mədəni abidələrinin, mədəni irsinin qorunmasına yönəltməyə çağırmış, Şuşaya və Qarabağa aid sərgilərin vaxtaşırı deyil, daimi təşkil olunması təklifini irəli sürmüş, qədim şəhərin tarixi abidələrinin erməni vandalları tərəfindən sökülub-dağıdılmasına qarşı qəzəb və nifrətlərini bildirmişlər.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, “Şuşa uğrunda” Ümumazərbaycan İctimai-Mədəni Hərəkatının, Muzeylər şurasının, digər ictimai və gənclər təşkilatlarının nümayəndələri işturak etmişlər.