Tacikistanda torpaq sürüşməsi beş nəfərin həyatına son qoyub
Düşənbə, 18 may, АZƏRTAC
Ötən gecə Tacikistanın Soğd vilayətinin İsmail Smoni rayonunda yağan aramsız yağışlar nəticəsində baş verən torpaq sürüşməsi beş nəfərin ölümü ilə nəticələnib. Torpaq sürüşməsi dağın ətəyində tikilən bir evin divarının uçmasına səbəb olub ki, nəticədə həmin evin beş sakini həlak olub. Onların üçü uşaqdır.
AZƏRTAC xəbər verir ki, bu haqda Tacikistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, mayın 11-dən bu günədək aramsız yağışlar və torpaq sürüşməsi nəticəsində Tacikistanın 15 rayonunda 9 nəfər həlak olub, 20 ev dağılıb. Təbii fəlakət nəticəsində 100 hektardan çox əkin sahəsi yararsız vəziyyətə düşüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə