“Taliban” silahlıları 3 tayfa ağsaqqalını və 1 polis rəisini öldürüblər
Bakı, 27 avqust, AZƏRTAC
“Taliban” silahlıları Bağlan və Zabul əyalətlərində 3 nəfər tayfa ağsaqqalını və 1 polis rəisini öldürüblər.
AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, iki gün əvvəl ölkənin şimalındakı Səməngan əyalətində “Taliban” silahlılarının girov götürdükləri 3 nəfər tayfa ağsaqqalının cəsədləri Bağlan əyalətində tapılıb. Bağlan polisinin rəisi Munir Əhməd bildirib ki, qətlə yetirilənlərdən biri Səməngan Əyalət Şurasının üzvü olub. Onun cəsədi Bağlan əyalətinin Çeşmə-e-Şir rayonunda tapılıb.
“Taliban” silahlıları Səməngan və Zabul əyalətlərindəki polis məntəqələrinə də hücumlar təşkil ediblər. Əfqanıstan Milli Müdafiə Qüvvələri və polislə silahlılar arasında atışmalarda Səməngan polisinin rəisi həlak olub. Zabulun polis rəisi Səid Meraj Sədat bildirib ki, iki gün davam edən döyüşlərdə 12 nəfər “Taliban” silahlısı öldürülüb.
Silahlı hücumlar və itkilərlə bağlı “Taliban” hərəkatı heç bir açıqlama verməyib.
Bu arada, Qətərin paytaxtı Dohada “Taliban”la ABŞ arasında danışıqlarda ölkədə təhlükəsizlik zonalarının elan edilməsi ilə bağlı razılaşma əldə edildiyi barədə məlumat yayılıb.