İQTİSADİYYAT
“TAP AG” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, bp, “Total” və “Fluxys” şirkətlərinin TAP layihəsinə qoşulduqlarını elan etmişdir
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da “TAP AG” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), bp, “Total” və “Fluxys” şirkətlərinin TAP layihəsinə qoşulduğunu elan etmişdir.
AZƏRTAC xəbər verir ki, sənəddə yazılmışdır: “Bu gün Trans-Adriatik boru kəməri “TAP AG” Azərbaycanda nəhəng “Şahdəniz” yatağının işlənilməsi üzrə beynəlxalq konsorsiumun üzvləri - bp, ARDNŞ və “Total” şirkətlərinin TAP layihəsinə qoşulduqlarını elan etmişdir. bp və ARDNŞ hər biri 20 faiz, “Total” isə 10 faiz pay almışlar.
Əlavə olaraq, Avropanın iri qaz tranzit operatoru olan “Fluxys” şirkəti də TAP-a qoşulmağa üstünlük vermiş və layihədə 16 faiz pay əldə etmişdir. TAP-ın səhmdarları İsveçrənin “AXPO”, Norveçin “Statoil” və Almaniyanın “E.ON” şirkətləri də layihəyə dəstəklərini davam etdirirlər.
İndi TAP-ın səhmdarları bp (20 faiz), ARDNŞ (20 faiz), “Statoil” (20 faiz), “Fluxys” (16 faiz), “Total” (10 faiz), “E.ON” (9 faiz) və “AXPO” (5 faiz) şirkətləridir”.
Məlumatda daha sonra qeyd olunmuşdur ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qaz TAP boru kəməri ilə Avropa bazarlarına nəql ediləcəkdir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində - Kipoidə Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşəcək, Yunanıstan və Albaniya ərazilərindən, habelə Adriatik dənizindən keçərək Cənubi İtaliya sahilinə qədər uzanacaqdır.
TAP boru kəmərinin Avropada üçüncü böyük qaz bazarı olan İtaliyanın sahillərinə yaxınlaşması Xəzər dənizində hasil olunan təbii qazın Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi digər iri Avropa bazarlarına nəqli üçün də geniş imkanlar açır.
TAP marşrutu Cənub-Şərqi Avropanın bir sıra ölkələrinin, o cümlədən Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digərlərinin qazla təminatı üçün şərait yaradacaqdır. Kəmərin ötürücülük qabiliyyətinin ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. TAP Azərbaycanı və Xəzər dənizi regionundakı digər qaz istehsalçılarını Avropa ilə birbaşa birləşdirən “Cənub qaz dəhlizi”ni açacaq və yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcəkdir.