İQTİSADİYYAT
TAP layihəsi və “Cənub” enerji dəhlizinin əhəmiyyəti İstanbulda keçirilmiş enerji toplantısında bir daha vurğulanmışdır
![TAP layihəsi və “Cənub” enerji dəhlizinin əhəmiyyəti İstanbulda keçirilmiş enerji toplantısında bir daha vurğulanmışdır](/files/2013/3/1200x630/14071450856020647571_1200x630.jpg)
İstanbul, 30 oktyabr (AZƏRTAC). Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi və “Cənub” enerji dəhlizinin əhəmiyyəti İstanbulda keçirilmiş enerji toplantısında bir daha vurğulanmışdır.
Xəzər Strateji İnstitutunun dəvəti ilə İstanbula gələn TAP layihəsinin xarici əlaqələr üzrə direktoru Maykl Hofman “Economist” jurnalının keçirdiyi enerji sammitindəki toplantısında bu boru kəmərinin Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm olacağını vurğulamışdır. Onun sözlərinə görə, gələcəkdə İsrail təbii qazı da Türkiyə ərazisindən Avropaya nəql oluna bilər. Bunun üçün 3 fərqli yol mövcuddur: birincisi, maye qaz şəklində, ikincisi, təbii qazı elektrik enerjisinə çevirib nəql etmək və nəhayət, “Cənub” qaz dəhlizi vasitəsilə bazara çıxarmaqdır. Bunların arasında ən səmərəli təbii qazı “Cənub” dəhlizi ilə Türkiyə ərazisindən nəql etməkdir.
Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıracaq TAP layihəsindəki son vəziyyəti dəyərləndirən M.Hofman demişdir ki, cari ilin iyun ayından sonra işlər plan üzrə davam edir. Belə ki, noyabr ayında layihənin payçıları sərmayə üzrə qəti qərarlarını bildirəcəklər. Səmərəlilik amili TAP-ın digər layihələrdən fərqidir. TAP-ın tikintisi planlaşdırıldığı kimi 2015-ci ildə başlayacaq və 2019-cu ildə ilk qaz nəqli həyata keçiriləcəkdir. “Şahdəniz-2” qazının Avropaya nəqli bu qitənin enerji təhlükəsizliyinə əvəzsiz töhfə olacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul