TARİF (QİYMƏT) ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərenerji” ASC tərəfindən istehsal edilən istilik enerjisinin topdansatış qiymətinə dəyişiklik edilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən xidmətlərin tarifləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin layihə-axtarış işlərinin, İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərə verilən mənşə sertifikatının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” Dövlət Müəssisəsi tərəfindən göstərilən universal poçt rabitəsi xidmətinin qiymətləri, nazirliyin IV bölmə üzrə “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tarifləri”nə dəyişikliklər edilməsi barədə məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
“Azərenerji” ASC tərəfindən istehsal edilən 1 h/kal istilik enerjisinin topdansatış tarifi 29 manatdan 3 manata endirilmişdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən xidmətlərin tariflərinin orta hesabla 18 faiz artırılması təklifinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ovçuluq biletlərinin qiymətinin müəyyən edilməsi ilə bağlı müraciətinə baxılmış, təkliflərin yenidən işləndikdən sonra müzakirə olunması məqsədəmüvafiq hesab olunmuşdur.
Qeyd edək ki, respublikada layihə-axtarış işlərinin qiymətlərinin hesablanması indiyədək 1991-ci il 1 yanvar vəziyyətinə mövcud olan bazis qiymətlərinə əmsal tətbiq etməklə hesablanırdı. Hazırda respublika üzrə orta aylıq əmək haqqı və xidmətlə bağlı alınan mal və işlərin qiymətləri artdığı üçün həmin əmsal özünü doğrultmur. İclasda mövcud bazis smeta dəyərlərinə 8 əmsalının tətbiq edilməsi məqsədəuyğun sayılmışdır.
İdxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının keyfiyyətinin, mənşə ölkəsinin müəyyənləşdirilməsinə dair İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin, ekspertizaların aparılması və nəticələrini təsdiq edən sənədlərin tariflərinə də baxılmış və 12 bölmə üzrə təsnifatlaşdırılaraq təsdiq olunmuşdur.
Yeni tariflər 2008-ci il mayın 12-dən tətbiq ediləcəkdir.
İclasda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən göstərilən əlavə xidmətlərin tariflərinə də baxılmış və bütün istehlakçı qrupları (əhali, büdcə təşkilatları və digər abunəçilər) üçün 35 qəpik olmaqla vahid tarif müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, müvafiq xidmətlər abonentlərin istəyinə uyğun olaraq göstərilir. Bu tariflər 2008-ci il iyunun 1-dən qüvvəyə minəcəkdir.
İclasda həmçinin, poçt rabitəsi tariflərinə dair məsələ də müzakirə edilmiş və Şuranın Katibliyinə müəyyən dəqiqləşmələrin aparılması tövsiyə olunmuşdur. Şuranın bu məsələ ilə bağlı qərarı barədə əlavə məlumat veriləcəkdir.