TARİXİ ROMANLAR MÜƏLLİFİ MƏMMƏD SƏİD ORDUBADİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də M.S.Ordubadinin xatirə muzeyinin təşkilatçılığı ilə görkəmli yazıçı, şair-publisist, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin vəfatının 58-ci ildönümü ilə əlaqədar xatirəsi yad edilmişdir.
Ədibin Fəxri xiyabandakı məzarı önündə keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, ədəbiyyat, incəsənət və elm adamları, şagirdlər, tələbələr iştirak etmişlər.
Muzeyin direktoru Lalə Abaszadə M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
M.S.Ordubadi 1872-ci ilin martında Ordubad şəhərində anadan olmuşdur. 7 yaşında ikən atasını itirən Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Ordubadi sonra dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açdığı üsuli-cədid məktəbində oxumuşdur.
Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayan Ordubadinin 1903-cü ildə «Şərqi-Rus» qəzetində ilk şeiri çap olunur. “Şərqi-Rus” qəzetindən sonra “İrşad”, “Molla Nəsrəddin”, “Tazə həyat”, “Tərəqqi”, “İttifaq”, “Səda”, “Sədayi-həqq”, “İqbal”, “Babayi-Əmir” və sair qəzet və jurnallarda Ordubadi ardıcıl olaraq şeir, məqalə, felyeton və hekayələri ilə çıxış etmişdir.
1906-cı ildə şairin “Qəflət”, 1907-ci ildə isə “Vətən və hürriyyət” adlı şeirlər kitabları çapdan çıxmışdır. M.S.Ordubadi yaradıcılığına “Molla Nəsrəddin” jurnalının böyük təsiri olmuşdur. O, 25 il bu jurnalla əməkdaşlıq etmişdir.
Ordubadi İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda iştirak edir, sosial-demokrat təşkilatı “Hümmət”in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər üçün mövzu verir.
Ədib “Hümmət” qəzetində əməkdaşlıq edir, yenicə təşkil olunmuş “Tənqid-Təbliğ” teatrında da fəal çalışmışdır. O, teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği pyeslər yazırdı.
M.S.Ordubadi 30-cu illərdə roman janrına müraciət etmişdir. Qısa müddətdə “Dumanlı Təbriz”, “Gizli Bakı” və “Döyüşən şəhər” romanlarını yazmışdır.
Filologiya elmləri doktoru Himalay Qasımov ədibin Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə yazdığı əsərlər, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi münasibətilə qələmə aldığı “Qılınc və qələm” romanı, “Nizami” operasının librettosu barədə məlumat vermişdir.
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək rəhbəri Aygün Zamanlının yetirmələri M.S.Ordubadinin satirik və vətənpərvərlik ruhlu şeirlərini əzbər söyləmişlər.
Səməd Vurğunun qızı Aybəniz Vurğunqızı, Bülbülün həyat yoldaşı Adilə Məmmədova M.S.Ordubadi haqqında xatirələrini danışmış, məzarı önünə tər güllər düzmüşlər.
Məmməd Səid Ordubadinin qohumu Həqiqət Məmmədova mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.